Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin fevralın 15-də keçirilən iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq Azərbaycanın həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 5 aya yaxın müddətdə hökm sürən sabitlik 12 fevral tarixində Ermənistan tərəfinin təxribatları ilə pozulub və bunun məsuliyyətinin Ermənistan tərəfindədir. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı”, - deyə bəyanatda vurğulanıb.
XİN Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş nazirinin növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsini siyasi manipulyasiyanın tərkib hissəsi adlandırıb. “Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”, - deyə XİN-dən bildirilib.
Həmçinin 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.
“Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir”, - deyə bəyanatda qeyd olunub.*
Xəbərlər şöbəsi