Azərbaycan 2023-cü ildə 86 min 36,95 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $83 milyon 183,27 min (azalma 18,9%) təşkil edib.
İdxalın əsas həcmi - $37 milyon 831,25 min dəyərində (azalma 50,3%) 40 min 261,56 ton (azalma 50,3%) Rusiyanın payına düşüb.
Bundan başqa, hesabat dövründə Belarusdan 21 min 567,2 ton ($20 milyon 406,06 min dəyərində), Rumıniyadan 9 min 273,98 ton ($9 milyon 647,57 min dəyərində), Yunanıstandan 10 min 213,45 ton ($10 milyon 618,06 min dəyərində), Gürcüstandan 2 min 219,71 ton ($2 milyon 415,29 min dəyərində), BƏƏ-dən 2 miyon 301,03 ton ($2 milyon 63,05 min dəyərində), Bolqarıstandan 200,01 ton benzin ($202,01 min dəyərində) idxal edilib.
2023-cü ildə Azərbaycana $2 milyon 451,7 min dəyərində (artım 19,5%) 2 min 31,38 ton “Super Euro-98” markalı benzin (artım 21,6%) idxal edilib.
Hesabat dövründə Rumıniyadan 976,21 ton ($1 milyon 193,94 min dəyərində), Rusiyadan 357,1 ton ($402,56 min dəyərində), Belarusdan 593,8 ton ($725,68 min dəyərində), Gürcüstandan 104,24 ton ($127,8 min dəyərində), ABŞ-dan 0,04 ton benzin ($1,72 min dəyərində) idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.**
N.Abbasova