2024-cü ildə Gəncə şəhərində daha bir sənaye parkının yaradılması planlaşdırılır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlovməlumat verib.
Cümə günü mətbuat konfransında Adıgözəlov bildirib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
“İnterfaks-Azərbaycan” onun sözlərinə istinadən xəbər verir ki, Gəncə Sənaye parkında əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması planlaşdırılır. Bundan başqa, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması planlaşdırılır.**
B.Rüstəmbəyov