Cümə günü Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı olub.
“Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova zəng edib. Mişustin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib”, - Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.
Rusiya Federasiyası hökumətinin mətbuat xidməti öz növbəsində məlumat verib ki, söhbət zamanı tərəflər ticarət-iqtisadi, elmi-texniki və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib, həmçinin «müxtəlif sahələrdə iri birgə layihələrin həyata keçirilməsinin gedişini müzakirə ediblər». **
İnformasiya şöbəsi