Azərbaycan prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsinin vacib olduğunu hesab edir.
Dövlət başçısının saytında məlumat verilir ki, bu barədə Əliyev cümə günü Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşündə bəyan edib.
“Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib”, - məlumatda deyilir.
Həmçinin, dövlət başçısı ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.
Əliyev bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Prezident Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı. **
B.Rüstəmbəyov