İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzza zolağında qalan girovların azad edilməsinə dair HƏMAS-la razılaşma yalnız gücdən istifadə etməklə bağlana bilər. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
“Girovların azad edilməsinə qəti hərbi əməliyyatlar və çox sərt danışıqlar yolu ilə nail olmaq olar. Bu mövqeyə təzyiqlər də daxil olmalıdır”, - deyə baş nazir Qüdsdə ABŞ-ın ən böyük yəhudi təşkilatlarının rəhbərləri ilə şam yeməyində bildirib.
Eyni zamanda, Netanyahu qeyd edib ki, təzyiq təkcə HƏMAS-a deyil, həm də Qətərdən başlayaraq qruplaşmaya təzyiq göstərə bilənlərə də göstərilməlidir.
“Qətər HƏMAS-a təzyiq göstərə biləcək ən yaxşı dövlətdir. Onlar HƏMAS-ın liderlərini qəbul edirlər, HƏMAS maliyyə cəhətdən onlardan asılıdır”, - deyə baş nazir əlavə edib.
Qəzet qeyd edir ki, Netanyahunun bəyanatı girovların azad edilməsi üçün danışıqların dalana dirəndiyi şəraitdə edilib. HƏMAS daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasında israrlıdır, İsrail isə buna qəti şəkildə qarşıdır.*