Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi növbəti ziddiyyətli fikirlərdən təəssüflənir.
“Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün (fevralın 17-də Münxendə - İF) konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Paşinyanın bəyanatı bir daha Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyini sübut edir.
Bakı bir daha xatırladır ki, Ermənistan baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.
“Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli Bəyanatı (10 noyabr 2020-ci il tarixli – İF) pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”, - deyə A.Hacızadə vurğulayıb.*
X.Nəsirzadə