2024-cü ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 17 milyon 405,8 min ton yük daşınıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 75,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artıb.
Hesabat dövründə dəmir yolu ilə 1 milyon 380 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 7% azdır.
Dəniz nəqliyyatı ilə 628,1 min ton (artım 11,2%), avtomobil nəqliyyatı ilə 9 milyon 309,9 min ton (artım 6,7%), hava nəqliyyatı ilə 31,3 min ton (artım 27,2%) müxtəlif növ yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 3 milyon 269,1 min ton neft (artım 0,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov