“Qreys.A.” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.
“Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq”, - deyə nazir bildirib.
Məlumata görə, investisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Rezidentlər tərəfindən Sənaye Parkına investisiyalar 190 milyon manat məbləğində qiymətləndirilir ki, bu da 1,7 mindən artıq daimi iş yerinin yaradılmasına imkan verəcək.*
B.Rüstəmbəyov