Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) təsdiqlənmiş 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası çərçivəsində 4 strateji hədəf və təşəbbüsü müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi MDM-ə istinadən bildirib.
Strategiyaya əsasən, birinci hədəf “Fəaliyyət istiqamətlərinin inkişafı”dır və xidmət çeşidliliyinin artırılmasını, depozitarlararası müxbir əlaqələrin genişləndirilməsini, mərkəzi kontragent modelinin formalaşdırılmasını və ekosistemin inkişafına dəstək fəaliyyətlərini əhatə edir.
İkinci hədəf “Əməliyyat və xidmət effektivliyinin artırılması”dır. Bu hədəfə tam funksional və çevik İT infrastrukturun yaradılması, rəqəmsallaşma səviyyəsinin artırılması, müştəri mərkəzli yanaşmaya keçid və maliyyə idarəetməsi sisteminin inkişafı daxildir.
Üçüncü hədəf “Etibarlı, dayanıqlı, yüksək imicli təsisatın qurulması”dır və risklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsini, ƏL/TMM komplayens nəzarət mexanizmlərinin inkişafını, informasiya təhlükəsizliyinin və korporatv imicin gücləndirilməsini nəzərdə tutur.
Dördüncü hədəf isə “Effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması”dır və insan resurslarının idarə edilməsi üzrə proseslərin təkmilləşdirilməsini, korporativ mədəniyyətin inkşaf etdirilməsini, sağlam və effektiv iş mühitinin yaradılmasını əhatə edir.
Strategiya çərçivəsində Milli Depozit Mərkəzinin təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş xidmətlər təqdim edən və effektiv əməliyyat çərçivəsi olan bir quruma transformasiyası hədəflənib.*
X.Nəsirzadə