Azərbaycan 2023-cü ildə Türkiyəyə 9 milyard kubmetr qaz ixrac edib, tədarükün həcmi artırılacaq. Bunu Prezident İlham Əliyev bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
“2023-cü ildə Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”, - deyə dövlət başçısı bildirib.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinə toxunan İ.Əliyev qeyd edib ki, 2023-cü ildə ticarət dövriyyəsi rekord həddə çatıb. “2023-cü ildə ticarət dövriyyəsi $7,5 milyarda çatıb. Bu, bizi çox sevindirir və bir neçə il bundan əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır”, - deyə o qeyd edib.
Azərbaycan lideri əlavə edib ki, 2024-cü ilin ortalarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi (Gürcüstan hissəsinin – İF) başa çatacaq və bu, onun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmağa imkan verəcək.*
B.Rüstəmbəyov