Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bunu Prezident İlham Əliyev bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu ilin iyulunda Şuşada keçiriləcək (...), bu, türk xalqlarının birliyinə güclü təkan verəcək”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, Bakı və Ankara hərbi sahədə sıx əməkdaşlıq edir. “İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir. Biz hər il ən azı 10 birgə təlim keçiririk və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”, - deyə İ.Əliyev bildirib.
İ.Əliyev vurğulayıb ki, bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. “Bu barədə də geniş müzakirələr aparmışıq, birgə istehsalla bağlı konkret planlarımız var”, - deyə prezident qeyd edib.
O əlavə edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib.*
X.Nəsirzadə