Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Azərbaycanla Cənubi Qafqazda sülh və sabitlik məsələlərində sıx əməkdaşlıq edir.
“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Ankara Bakı ilə Cənubi Qafqazda sülh və sabitlik məsələlərində sıx əməkdaşlıq edir. Türkiyə və Azərbaycan birlikdə çiyin-çiyinə hərəkət edir. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir”, – deyə o, bu gün Ankarada Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti Ermənistanı uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməyə çağırıb. “Üçüncü tərəflər bu prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməlidir”, - deyə Ərdoğan vurğulayıb.
O, bununla əlaqədar Ermənistan tərəfinin bu yaxınlarda Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara diqqət çəkib və bu cür hadisələrin bir daha yaşanmayacağına ümidvar olduğunu bildirib.*
A.Əzizov