Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Azərbaycanla ticarət dövriyyəsini ildə $15 milyarda çatdırmağa hazırdır.
“Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə $7,5 milyard səviyyəsinə çatdı. $15 milyardlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, - deyə o, bu gün Ankarada Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Ərdoğan Bakı və Ankara arasında nəqliyyat və enerji sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, - deyə Türkiyə lideri bildirib.
Qars-Naxçıvan dəmir yolunun tikintisi layihəsinə diqqəti cəlb edən Ərdoğan xatırladıb ki, bu məsələni 2023-cü ilin sentyabr ayında Naxçıvana səfəri zamanı Prezident Əliyevlə müzakirə edib.
“Naxçıvana səfərim çərçivəsində biz, həmçinin İğdır-Naxçıvan qaz boru kəməri məsələsini (tikintisini – İF) müzakirə etdik ki, bu da enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdıracaq”, - deyə o əlavə edib.
Ərdoğan, həmçinin Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə qabiliyyətinin artırılmasının prioritetlər arasında olduğunu vurğulayıb.*
N.Abbasova