Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Qəzza zolağındakı hərbi əməliyyatı Holokostla müqayisə etdiyi üçün İsraildən üzr istəmək niyyətində deyil. Bu barədə “CNN Brasil” telekanalı Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Selso Amorimə istinadla məlumat yayıb.
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət (İsrail və gələcək Fələstin dövləti – İF) ideyasını müdafiə etmişik, üzr istəmək üçün heç nə yoxdur”, - deyə S.Amorim İsrailin Lula da Silvanı “persona non grata” elan etməsi ilə bağlı qərarına münasibət bildirərkən söyləyib.
“İsrail özünü getdikcə daha çox təcrid vəziyyətinə salır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Braziliya Prezidenti Qəzzada baş verənləri Fələstin xalqına qarşı soyqırımı adlandırıb.
İsrail bu bəyanata sərt reaksiya verib. Ölkənin baş naziri Benyamin Netanyahu Braziliya Prezidentinin “qırmızı xətti” keçdiyini bildirib.*