“Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin açılması 2024-2025-ci illərdə baş tutacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir”, - deyə dövlət başçısı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşdə bildirib.
O qeyd edib ki, “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir.
“Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır. Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik”, - deyə İ.Əliyev bildirib.*
N.Abbasova