Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin təmir işlərindən sonra ən qısa zamanda tamamilə işlək vəziyyətə gətirilməsinə ümid edir.
“Geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərmişdir. 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm”, - deyə Ərdoğan fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə bildirib.
Xəbər verildiyi kimi, Gürcüstan hökumətinin proqramına əsasən, BTQ dəmir yolunun modernləşdirilməsi layihəsi 2024-cü ildə başa çatacaq.
Hazırda Gürcüstan ərazisində BTQ-nin genişləndirilməsi işləri aparılır. Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi üzrə işlər 2024-cü ildə həmin yol ilə daşınan yüklərin həcminin 5 milyon tona qədər artırılmasına (hazırda bu rəqəm ildə 1 milyon tondur – İF) imkan verəcək.
Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə $100 milyondan çox sərmayə yatıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Layihə çərçivəsində 68 kilometri Türkiyə və 30 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 98 km uzunluğunda dəmir yolu xətti çəkilib, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsi yenidən qurulub. Magistralın Gürcüstan hissəsindəki işlər bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.*
N.Abbasova