İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclası may ayında Ankarada keçiriləcək. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.
“May ayında Ankarada keçirəcəyimiz birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq Yol Xəritəsinin müəyyənləşdirilməsinə fayda verəcək. Yol Xəritəsi qarşılıqlı ticarət dövriyyəsinin ildə $15 milyarda çatdırılmasına hədəflənib.
Ərdoğan Əliyevlə enerji sahəsindəki əməkdaşlığı da ətraflı müzakirə etdiyini diqqətə çatdırıb.
“Diqqəti Avropadan keçən layihələrdə birgə təşəbbüslərimizin artırılmasının önəminə cəlb etdik. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı (Türkiyə və Avropaya – İF) və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasına önəm verirəm”, - deyə o bildirib.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, bu gün Ərdoğanla təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə ediblər, bu il üçün və gələcək illər üçün Yol Xəritəsini bir daha gözdən keçiriblər.*
N.Abbasova