Azərbaycan çərşənbə axşamı elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərib.
25 TIR-dan ibarət yük avtomobili karvanı Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” Energetika Nazirliyinə istinadən məlumat verir.
“Humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqələri daxildir”, - nazirlikdən vurğulanır.
Ümumi dəyəri $7,6 milyon olan humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunub.
Bu, humanitar yardımın sayca beşinci partiyasıdır. Birinci partiya 30 oktyabr 2023-cü ildə, ikinci partiya - 21 noyabrda, üçüncü partiya - 8 dekabrda, dördüncü partiya – 11 yanvar 2024-cü ildə göndərilib.
Ümumilikdə, Ukraynaya 103 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 76 ədəd transformator və komplekt transformator məntəqələri göndərilib.
Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə $7,6 milyonun manat ekvivalentində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.**
N.Abbasova