Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulma imkanını istisna etdi.
"Rusiyaya qarşı sanksiyalarla bağlı çox aydın mövqeyimiz var. Biz sanksiya tətbiq etmirik və bununla bağlı çox güclü arqumentlərimiz var", - Kobaxidze Brüsseldə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə birgə mətbuat konfransında deyib.
Bundan əlavə, baş nazir bildirib ki, Gürcüstanda Rusiya ilə «ikinci cəbhənin» açılmasına dair Ukrayna rəsmilərinin səsləndirdikləri bəyanatlar məyus edir.
"Biz Ukraynanı siyasi nöqteyi-nəzərdən çox dəstəkləyirik, xeyli humanitar yardım göndəririk, Ukrayna xalqı ilə çox sıx münasibətimiz var. Ukraynanın ayrı-ayrı rəsmilərinin Gürcüstanda "ikinci cəbhənin" açılması, o cümlədən Təhlükəsizlik Şurasının katibi, prezidentin müşaviri barədə açıqlamaları bizi məyus edir ", - Kobaxidze müvafiq suala cavab verib.
Borrel öz növbəsində məlumat verib ki, Aİ-də Gürcüstanın Rusiya ilə hərbi münaqişəyə cəlb olunması ehtimalı ilə bağlı bəyanatlara heç kim ciddi yanaşmayıb, orada «bu barədə nə Ukraynadan, nə də ayrı-ayrı şəxslərdən çağırış eşitməyiblər». **