Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Moskvada saxlanılmış Azərbaycan vətəndaşı Kamil Zeynallının hüquqlarının təmin edilməsi üçün RF qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür.
“Bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi səfirliyin məlumatına istinadla bildirir.
Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır. Fevralın 21-də səhər tezdən səfirlik tərəfindən dəvət olunmuş vəkil Kamil Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.
“Hazırda səfirlik Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir”, - deyə məlumatda qeyd olunub.*
R.Əhmədov