Prezident İlham Əliyev fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, qoruq Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması məqsədilə yaradılır.
Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.
Sərəncama əsasən, Nazirlər Kabinetinə qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək, qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.*
R.Kərimov