Zəngilan rayonunun Alıbəyli kəndinin yenidən salınması işlərinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən bildirir.
“Artıq Alıbəyli kəndinin yenidən salınması istiqamətində işlərə başlanılıb”, - deyə məlumatda qeyd olunub.
Xidmət Alıbəyli kəndinin konseptual layihəsinin bir hissəsini təqdim edib.
Prezident İlham Əliyev 2023-cü il sentyabrın 28-də Alıbəyli kəndinin təməlini qoyub.
Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır.
Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.
Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq.
Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.*
X.Nəsirzadə