Böyük Britaniyanın “Anglo Asian Mining plc” (AAM) şirkəti JORC standartına uyğun olaraq “Xarxar” yatağının mineral resurslarının ilkin qiymətləndirməsini başa çatdırıb.
“JORC standartına uyğun olaraq “Xarxar” yatağı 106 min ton həcmində mis tərkibli 22 milyon ton minerallaşmaya malikdir. Həmçinin yataqda12,8 min ton həcmində mis tərkibli 2,9 milyon ton minerallaşma qeydə alınıb”, - deyə AAM-dan məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyi bildirir ki, beləliklə, JORC standartı üzrə qiymətləndirmə yataqda 0,48%-i mis olmaqla 24,9 milyon ton minerallaşmanın olduğunu təsdiqləyir. Yataqda misin ümumi geoloji ehtiyatları təxminən 119 min ton həcmində qiymətləndirilir.
Mineral resurslar ton başına 9000 ABŞ dolları olan mis qiymətindən istifadə etməklə qiymətləndirilib.
“JORC standartına uyğun olaraq “Xarxar” yatağının mineral ehtiyatlarının ilkin qiymətləndirilməsi onu göstərir ki, yatağın tərkibində 100 min tondan çox mis olan əhəmiyyətli resurs var. Əminik ki, “Xarxar” yatağı gələcək hasilatımıza əhəmiyyətli töhfə verəcək, şirkətin gələcək inkişafı və səhmdarlar üçün cəlbedici mənfəəti təmin etməsinə imkan yaradacaq”, - deyə “Anglo Asian Mining” şirkətinin vitse-prezidenti Stiven Vesthed bildirib.
“Anglo Asian Mining plc” 2026-cı ildə “Xarxar” yatağında hasilata başlamağı və 7 il ərzində ildə 9 min tona yaxın mis hasil etməyi planlaşdırır.
Yatağın relyefi filiz hasilatını açıq üsulla həyata keçirməyə imkan verir, karxananın maksimum dərinliyi 205 metr təşkil edəcək.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.*
N.Abbasova