Azərbaycan 2023-cü ildə İtaliyaya neftin əsas tədarükçüsü olub. “İnterfaks-Azərbaycan” agentliyi İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən bildirir ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 11,3 milyon tona yaxın neft ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.
Hesabat dövründə İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8% - 7,3 milyon tona qədər, “Azeri Blend” markalı neftin idxalını isə 41,2% - 4 milyon tona qədər artırıb.
2023-cü ildə İtaliyaya neft idxalı 2022-ci illə müqayisədə 2% azalaraq 61,2 milyon ton təşkil edib. Beləliklə, ötən il İtaliyaya neft tədarükündə Azərbaycanın payı təxminən 18,5% olub.
2023-cü ildə İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Azərbaycan (11,3 milyon ton), Liviya (10,2 milyon ton), ABŞ (7,5 milyon ton), İraq (7,1 milyon ton) və Qazaxıstan (6,5 milyon ton) daxil olub.
Hesabat ilində Rusiya İtaliyaya neft ixrac etməyib.
2023-cü ildə İtaliya “Azeri Light” markalı neftin bir barelini 89,21 ABŞ dollarına (azalma 15,9%), “Azeri Blend” markalı neftin bir barelini 86,31 ABŞ dollarına (azalma 23,6%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı neftini isə müvafiq olaraq 82,51 və 84,82 ABŞ dollarına alıb.
Ötən il İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,47 (azalma 14,5%) təşkil edib. Ən bahalı neft növü “CJ Blend” ($100,04), ən ucuz neft növü isə “Baleine” nefti ($66,35) olub.*
R.Kərimov