Amerika Birləşmiş Ştatlarının “Exxon Mobil” Korporasiyasının sədri və baş icraçı direktoru Darren Vuds Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Exxon Mobil” Korporasiyası adından Sizi səmimi-qəlbdən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş təbrikdə bildirilib.
D.Vuds Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
“Exxon Mobil” Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamağa kömək edə və eyni zamanda, istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyə bilərik. Bu iki çağırış COP29 müzakirələri zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa ev sahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm”, - deyə o vurğulayıb.*
Xəbərlər şöbəsi