Azərbaycan Xarici İşlər Nazirliyi dünən Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialarını tənqid edib.
“21 fevral tarixində Fransa prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”, - XİN-in bəyanatında deyilir.
Bakı hesab edir ki, “30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən” Parisin “öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin (Qarabağ - İF) hüquq və təhlükəsizliyindən danışmasını tamamilə yersiz” hesab edir.
Nazirlikdə hesab edirlər ki, “heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir”.
“Bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır”, - bəyanatda deyilir.
“Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”, - Azərbaycan XİN yekun vurub.**
Xəbərlər şöbəsi