Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qarabağ regionunda 3 yaşayış məntəqəsinin - Xankəndi rayonu Kərkicahan qəsəbəsinin, Şuşa rayonu Turşsu qəsəbəsinin və Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının, həmçinin Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsinə 3,4 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və Bakı Dövlət Layihə İnstitutu ilə müvafiq işlərin icrasına dair 4 müqavilə imzalanıb.
Xüsusilə, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi (dəyəri – 997,69 min manat) və Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsinə (dəyəri – 784,7 min manat) dair, Bakı Dövlət Layihə İnstitutu ilə Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi (dəyəri – 667,656 min manat) və Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsinə (dəyəri – 953,794 min manat) dair müqavilələr imzalanıb.
İşlərin icra müddəti – 11 noyabr 2024-cü ilə qədərdir. **
R.Kərimov