“Azərpoçt” MMC ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb. İndi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər”, - “İnterfaks-Azərbaycan” cəmiyyətin məlumatına istinadən xəbər verir.
Məlumata görə, ABŞ–Azərbaycan üzrə daşımaların tarifi minimal həddə müəyyən olunub ki, bu da digərləri (karqo şirkətləri ilə - İF) ilə müqayisədə olduqca sərfəli hesab olunur.
“ABŞ-dən Azərbaycana PostCargo vasitəsilə malların qısa müddətdə gətirilməsi üçün operativ şəkildə uçuşlar təmin olunur. PostCargo xidmətindən faydalanmaq üçün istifadəçilər www.postcargo.azsaytında qeydiyyatdan keçə, eləcə də PostCargoya aid mobil tətbiqi “App Store” və “Play Market”dən yükləyə bilərlər”, - məlumatda deyilir.
Cəmiyyət qeyd edir ki, Türkiyədən onlayn sifarişlərin çatdırılmasını həyata keçirən PostCargo xidmətinin fəaliyyəti keyfiyyət və istifadəçi məmnuniyyəti baxımından uğurlu olub.
“PostCargo yaxın zamanda Avropadan onlayn sifarişlərin daşınmasını icra edəcək”, - “Azərpoçt” vurğulayır. **
N.Abbasova