2024-cü ilin yanvar ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ABB 2024-cü ilin yanvar ayında fondun vəsaitləri hesabına sahibkarlara 4,8 milyon manat ümumi məbləğdə güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “Bank Respublika” (2,2 milyon manat), üçüncü yerdə “Rabitəbank” 2,2 milyon manat) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə həmçinin “Yelo Bank” (1 milyon manat) və “Kapital Bank” (0,4 milyon manat) daxil olub.
Daha əvvəl məlumat verilib ki, 2024-cü ili yanvar ayında SİF-in xətti ilə Azərbaycanda güzəştli kreditlərin həcmi 10,7 milyon manat (181 layihə) təşkil edib.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-2023-cü illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə - 28,3 milyon manat, 2023-cü ildə - 40 milyon manat güzəştli kredit verib.
2023-cü ildə SİF-in xətti ilə Azərbaycanda güzəştli kreditlərin həcmi 193,8 milyon manat təşkil edib. **
R.Əhmədov