Azərbaycan yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və genişləndirilməsi, o cümlədən ölkəmizin məhsullarının təqdim edilməsi məqsədilə Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev ilə Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits arasında görüş zamanı bəyan olunub. Bu barədə AZPROMO-dan məlumat verilib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən "Made in Azerbaijan" brendi və logistikanın subsidiyalaşması barədə məlumat verib.
Latviyalı sahibkarlar bu ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində iştirak etməyə dəvət olunublar.
Öz növbəsində, Şmits Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarına Latviyada əhəmiyyətli tələbin olduğunu qeyd edib, idxalçılar və ixracatçılar arasında əlaqələndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, “qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yerli şirkətlərin Latviyaya ixracını stimullaşdıracaq”. “Bu kontekstdə hər iki ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsi çərçivəsində tərəflər arasında potensial ixrac və idxal oluna biləcək məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub”, - AZPROMO-dan vurğulanır. **
R.Kərimov