Azərbaycan Türkiyəyə hər il 0% gömrük dərəcəsi ilə şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu güzəştlər iki ölkə arasında 2023-cü ilin aprel ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokolda öz əksini tapıb.
“Bu protokol 2024-cü il fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında təsdiq edilib. Beləliklə, Azərbaycan Türkiyəyə hər il gömrük rüsumu olmadan 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək”, - deyə məlumatda bildirilir.
Saziş çərçivəsində Azərbaycandan Türkiyəyə şərab, tut, heyva, qara metallurgiya məmulatları və qablaşdırma materialları 10 il müddətinə gömrük rüsumundan azad edilib.
“Azərbaycan isə Türkiyədən mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi 2021-ci il mart ayının 1-dən tətbiq olunur.
2023-cü il aprelin 29-da Samsun şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol imzalanıb. Bu sənədlə Bakı və Ankara 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin şamil olunduğu malların siyahısını genişləndirib.*
N.Abbasova