Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, Ermənistan hakimiyyəti iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla birbaşa danışıqlardan yayınmamalıdır.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında fevralın 17-də Münxendə keçirilmiş görüşün nəticələri göstərdi ki, sülh müqaviləsinə aparan ən effektiv yol tərəflər arasında birbaşa danışıqlardır”, - deyə A.Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xatırladaq ki, Əliyev və Paşinyanın Münxen görüşündə tərəflər iki ölkənin xarici işlər nazirlərinin tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı qərar qəbul ediblər. Bundan başqa, iki ölkə arasında 2023-cü ilin dekabr ayında COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər müsbət qiymətləndirilib.
“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması üçün vasitəçilərə ehtiyac yoxdur, çünki iki ölkə arasında bununla bağlı danışıqlar ikitərəfli xarakter daşıyır. Münxendə keçirilən görüş isə Bakının yanaşmasının doğruluğunu tam şəkildə təsdiq etdi. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla birbaşa danışıqlardan yayınmamalıdır. Birbaşa danışıqlar bu gün sülh prosesinin məntiqi sonluğa çatdırılması, yəni sülh müqaviləsinin tezliklə imzalanması üçün ən effektiv variantdır. Bu, ilk növbədə, Ermənistanın marağındadır. Sülh müqaviləsinin imzalanması Ermənistan üçün İrəvan-Ankara münasibətlərinin normallaşması, regionda kommunikasiyaların açılması, Ermənistanın regional layihələrə cəlb olunması mümkünlüyü və s. kimi yeni müsbət proseslərə təkan verəcək”, - deyə A.Ağacanov hesab edir.
O vurğulayıb ki, indi sülh prosesinin gedişatı Ermənistanın mövqeyindən asılıdır. “Əgər Ermənistan hakimiyyəti Azərbaycanla birbaşa danışıqlardan yayınmağa və hansısa Qərb vasitəçilərinin prosesə cəlb olunmasında israr etməyə davam edərsə, bu, sülh prosesinin dondurulmasına gətirib çıxaracaq. Bunun isə belə olmasını istəməzdik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını şifahi olaraq bəyan edib, indi isə bunu kağız üzərində həkk etməlidir. Yalnız bu halda Cənubi Qafqazda çoxdan gözlənilən sülh bərqərar olacaq”, - deyə A.Ağacanov vurğulayıb.*
R.Əhmədov