Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi bəyanat daxil olmayıb. Bu barədə “İnterfaks”a KTMT-nin mətbuat xidmətindən bildirilib.
“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı fikirlərə gəlincə, görünür, söhbət təşkilatın son zamanlar keçirdiyi bir sıra tədbirlərdə respublikanın iştirak etməməsindən gedir”, - deyə məlumatda qeyd olunub.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub, bununla belə, Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsi gündəlikdə deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində bildirib.
“KTMT xüsusilə 2021 və 2022-ci illərdə Ermənistanla bağlı reallığa müvafiq münasibət göstərmədi və bu, bizim diqqətimizdən kənar qala bilməzdi. Bu gün biz bu müqavilədə, bu təşkilatda iştirakımızı faktiki olaraq dondurmuşuq. Görək bundan sonra nə olacaq”, - deyə o qeyd edib.*