Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Avropa İttifaqı birtərəfli məhdudlaşdırıcı tədbirlərlə Rusiyaya təzyiq göstərmək üçün nəticəsiz cəhdlərini davam etdirir. Fevralın 23-də Aİ ölkələri növbəti 13-cü sanksiyalar paketini qəbul edib. Biz Avropa İttifaqının bu cür hərəkətlərini qeyri-qanuni, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi preroqativlərinə xələl gətirdiyini hesab edirik. Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi dövlətimizin ərazisinə girişi qadağan edilən Avropa institutlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib”, - deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələrindən, Ukraynaya hərbi yardım göstərməkdə məsul olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından, Rusiya rəsmilərinin qanunsuz həbslərə görə təqib edilməsində iştirak edən Avropa qurumlarının nümayəndələrindən gedir.
Rusiyanın cavab “stop siyahısı”na Rusiyaya qarşı sistemli şəkildə aqressiv bəyanatlar verən Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT PA və AŞPA üzvləri də daxildir.
“Biz təsdiq edirik ki, Qərb ölkələrinin hər hansı qeyri-dost aksiyaları vaxtında və adekvat cavab almağa davam edəcək”, - deyə bəyanatda vurğulanıb.*