Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakla bağlı bəyanatları ilə əlaqədar ikitərəfli kanallar vasitəsilə İrəvandan hərtərəfli izahat almağa ümid edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“N.Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı bəyanatının arxasında əslində nəyin dayandığı barədə ikitərəfli kanallar vasitəsilə hərtərəfli izahat gözləyirik. Moskva o mövqedən çıxış edir ki, Ermənistan Respublikası hüquq və öhdəlikləri ilə təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - deyə bəyanatda qeyd olunub.
Eyni zamanda, RF XİN təəssüflə qeyd edib ki, İrəvanın təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə açıq şəkildə cavab vermir.
“Ümid edirik ki, İrəvan mövcud narahatlıqların sakit dialoq şəraitində müzakirə olunmalı və həll edilməli olduğunu anlayacaq”, – deyə bəyanatda bildirilib.
XİN vurğulayıb ki, Rusiya 2021 və 2022-ci illərdə regionda baş vermiş məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəti şəkildə rədd edir.
Xatırladaq ki, Paşinyan “France 24” telekanalına müsahibəsində bəyan edib ki, Ermənistan KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsinə baxılmır.*