Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Nazirliyinə istinadla bildirir.
Z.Həsənov Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.
“2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Nazir bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verib.*
X.Nəsirzadə