İsrail Müdafiə Ordusu Qəzza şəhərinin Əz-Zeytun məhəlləsində HƏMAS-a qarşı genişmiqyaslı əməliyyat keçirir, anklavın cənubundakı Xan Yunis şəhərində Fələstin yaraqlılarına zərbələr endirir. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Son 24 saat ərzində Əz-Zeytunda atışma və zərbələrin endirilməsi nəticəsində çoxlu sayda HƏMAS yaraqlısı öldürülüb.
Xan Yunis şəhərində intensiv döyüşlər davam edir. “Givati” piyada briqadasının hücumu nəticəsində düşmən böyük itki verib.
Bundan başqa, İsrail Müdafiə Ordusu şənbə gününə keçən gecə Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə zərbələr endirib.
Ötən gün ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi çərçivəsində 3,3 min ev tikmək planlarından məyusdur. O qeyd edib ki, bu, beynəlxalq hüquqa ziddir və regionda davamlı sülhə nail olmaq səylərinə zərbə vuracaq.*