Ermənistan dezinformasiya yayaraq Azərbaycan-Ermənistan şərti sərhədində real vəziyyəti ört-basdır etməyə çalışır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, fevralın 24-ü saat 12:45-də atəşin bu koordinatlarda (40° 05`04” N; 45° 52` 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədərəsmi məlumat verib. Həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmamış və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib”, - deyə məlumatda bildirilib.*
X.Nəsirzadə