Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
İ.Əliyev qeyd edib ki, Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Ərdoğanın adı ilə bağlıdır.
“Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır”, - deyə məktubda bildirilir.
İ.Əliyev qeyd edib ki, seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə həyata keçirməyi birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir.
“Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə Azərbaycan lideri vurğulayıb.*
V.Əliyev