Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq.
“Biz buna (Ermənistan tərəfinin KTMT-də iştirakın dondurulması ilə bağlı bəyanatına – İF) tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – deyə “BelTA” dövlət agentliyi Lukaşenkodan sitat gətirib.
Belarus Prezidentinin sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.
O, Ermənistan tərəfinə tələsməməyi tövsiyə edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın respublikanın KTMT-də iştirakını dondurması ilə bağlı bəyanatını şərh edən Lukaşenko bildirib ki, bu cür qərarları baş nazir yox, parlament qəbul edir.
O, həmçinin qeyd edib ki, Ermənistanın əvvəlki hakimiyyəti uzun müddət ərzində Azərbaycanla problemli məsələləri həll etmək istəmirdi. Eyni zamanda, Lukaşenko əmindir ki, münaqişənin indiki həlli hamı üçün ən məqbul variantdır.
Xatırladaq ki, Paşinyan fevralın 23-də “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu, bununla belə, Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsinin nəzərdən keçirilmədiyini bildirib.*