Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat HƏMAS-la girovlarla bağlı razılaşmanın əldə olunacağı təqdirdə müəyyən müddətə təxirə salına bilər, lakin hücum istənilən halda baş tutacaq. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Razılaşma olarsa, əməliyyat bir müddət təxirə salınacaq, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik”, - deyə o, CBS telekanalının efirində bildirib.
Netanyahu qeyd edib ki, İsrail Rəfahda hərbi əməliyyata başladıqdan bir neçə həftə sonra tam qələbə qazanacaq.
Onun sözlərinə görə, HƏMAS-ın altı batalyonundan dördü Rəfah ərazisindədir.
İsrailin baş naziri hazırda tərəflərin girovlarla bağlı saziş üzərində işlədiyini təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Misir, Qətər, ABŞ, İsrail və HƏMAS nümayəndələri Dohada Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təmasları bərpa edib.*