Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Xocalının Azərbaycan xalqının tarixində və şüurunda böyük yeri var.
“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”, - Əliyev bazar ertəsi Xocalı rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda böyük yeri var”. “Bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - dövlət başçısıəlavə edib.
Əliyev qeyd edib ki, Azərbaycan tarixi ədaləti bərpa etdi. “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”, - o bildirib.
Prezident vurğulayıb ki, ədalətin bərpası üçün 30 il vaxt lazım oldu. “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”, - Əliyev əlavə edib. **
R.Əhmədov