Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, onu 70 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir ki, Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar prezident Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
“Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb”, - məlumatda deyilir.
Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər.
“Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir. **
N.Abbasova