Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əliyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə etdi.
Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
Prezident həmçinin Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd etdi və Böyük Qayıdış layihəsinin həyata keçirildiyini bildirdi.
Azərbaycanda Səudiyyə Ərəbistanından olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan Əliyev turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğuladı və bu istiqamətdə böyük potensialın olduğunu dedi.
Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edildi.
Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulandı.
Öz növbəsində, Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırdı.
Nazir “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirdi. **
B.Rüstəmbəyov