Azərbaycan 2023-cü ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 10 milyard 257,22 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 17,8% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 962,02 milyon kubmetr qaz ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 22,64% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi nəcminin 15,9%-i və boru kəməri ilə nəql olunan qazın 25,5%-i Azərbaycanın payına düşüb.
Azərbaycan dekabrda Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 33,4%-lə Rusiya, ikinci pillədə 19,4%-lə ABŞ yer alıb.
Dekabrda Türkiyəyə qaz ixracı 8 ölkədən (Azərbaycan, İran, Rusiya (boru kəmərləri ilə), ABŞ, Braziliya, Əlcəzair, Fransa, Misir və Rusiya - LPG) həyata keçirilib.
Dekabrda Türkiyəyə 6 milyard 63,12 milyon kubmetr qaz (artım 4,38%) ixrac edilib. 3 milyard 767,67 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 62,14%-i, artım 9,75%), 2 milyard 295,458 milyon kubmetr (bütün ixracın 37,86%-i, azalma 3,39%) isə LNG-nin payına düşüb.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).**
N.Abbasova