Çərşənbə axşamı Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpay ilə hərbi əməkdaşlığın perspektivləri və təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Öz növbəsində, Alpay uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.
Türkiyənin milli müdafiə nazirinin müavini həmçinin müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
“Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb”, - MN-dən vurğulanıb. **
R.Kərimov