2024-cü ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,6% - 24 milyard 362,5 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarınsonuna vaxtı keçmiş kreditlərin həcmi 454,06 milyon manat (hesabat dövründə artım 3,7% - İF) və ya bütün kreditlərin 1,9%-ni (2023-cü ilin sonuna 1,8%) təşkil edir.
2024-cü il yanvarın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 780 milyon manat (artım 5,2%) və ya bütün kreditlərin 23,7%-i, özəl banklar tərəfindən 17 milyard 786,3 milyon manat (artım 0,6%) və ya bütün kreditlərin 73%-i həcmində kredit verilib. Qalan 796,16 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Yanvarın sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 606,87 milyon manat (artım 0,3%) milli valyuta, 4 milyard 755,6 milyon manat (artım 7,1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,5% (2023-cü ilin sonuna 18,5%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 506,67 milyon manat (bütün kreditlərin 14,4%-i) ticarət və xidmət sahələrinin, 899,59 milyon manat (3,7%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 520,69 milyon manat (2,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 144,3 milyon manat (4,7%) tikinti sektorunun, 1 milyard 408,99 milyon manat (5,8%) sənaye və istehsal sektorunun, 1 milyard 395,97 milyon manat (5,7%) nəqliyyat və rabitə sahələrinin, 14 milyard 95,86 milyon manat (57,9%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
Yanvarda bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 0,6% artıb.**
X.Nəsirzadə