Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ABŞ və Fransa Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməlidirlər.
Əliyev çərşənbə günü Almaniya sahibkarları ilə görüşdə Cənubi Qafqazdakı vəziyyətə toxunub.
Dövlət başçısının saytında prezidentin sözlərindən sitat gətirilir. O qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını (1992-ci ilin fevral ayında - İF) törətdilər.
“Yüzlərlə şəhər və kəndimizi işğal etdilər (ermənilər - İF), oraları dağıtdılar. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər (ATƏT-in Minsk qrupu - iF) ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir”, - Əliyev qeyd edib.
O əlavə edib ki, ABŞ və Fransa da Cənubi Qafqazda yeni reallıqları qəbul etməlidirlər. “Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”, - dövlət başçısı vurğulayıb. **
R.Əhmədov