2024-cü ilin yanvar ayının yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $222 milyon təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 22% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($28,8 milyon, azalma 60%), xurma ($17,1 milyon, artım 58,3%), pomidor ($16,6 milyon, artım 58%), polimerizasiyada maddələrin ilkin forması ($12,9 milyon, artım 2 dəfə), pambıq mahlıcı ($10,6 milyon, azalma 31,6%), karbamid ($10,4 milyon, artım 10,6%), meşə fındığı ($119,6 milyon, azalma 13,6%), ilkin formalı propilen sopolimerləri ($8,9 milyon, artım 67,9%), alüminium plitələr ($8,4 milyon, artım 6 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($75,6 milyon, artım 11%), Türkiyə ($47,5 milyon, azalma 55,4%), Gürcüstan ($25,1 milyon, artım 2,4%), Belçika ($6,5 milyon, artım 96,3 dəfə) və Ukrayna ($6,3 milyon, azalma 51,9%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34%-i Rusiyanın, 21,4%-i Türkiyənin payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı rekord $3,3 milyard (2022-ci ilin göstəricisindən +9,8%) təşkil edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5,3 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov